Yaşıl iqtisadiyyata keçiddə ESG prinsiplərinin əhəmiyyət
- GALANATE PARTNERS CONSULTING
- Nov 11, 2024
- 5 min read
Updated: Dec 13, 2024

Planetimizlə nə baş verir?
Yer kürəsi, planetimiz onun ekosistemini, biomüxtəlifliyini, insanların rifahını izləyən və hədələyən çoxsaylı ekoloji çətinliklərlə üzləşir. Bu çətinliklər iqlim dəyişikliyi, havanın çirklənməsi, biomüxtəlifliyin və meşələrin məhvi, okeanın turşuluğunun artması, içməli suyun qıtlığı, həddindən artıq balıq ovu, torpağın deqradasiyası və bununla məhdudlaşmayan bir çox hadisələrin nəticəsidir. Sadalananlar son bir neçə ildə ehtimal etdiyimizdən daha sürətlə cərəyan edir. Həddindən artıq su daşqınlarından, fırtınalardan tutmuş misli görünməmiş istilik dalğalarına qədər biz yaratdığımız qlobal istiləşmənin təsirlərini hiss edirik.
Lakin vəziyyəti dəyişmək üçün hələ vaxtımız var!
1,5 °C Qlobal İstiləşmə üzrə Xüsusi Hesabat 8 oktyabr 2018-ci il tarixində İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel (IPCC) tərəfindən dərc edilmişdir. Bu hesabatına əsasən, iqlim dəyişikliyinin ən qorxulu təsirlərinin qarşısını almaq və planetimizi yaşana biləcək daha böyük fəlakət və təhlükədən qorumaq üçün qlobal istiləşməni 1,5°C ilə məhdudlaşdırmaq vacibdir.
Təbii ki, ehtiyac və tələbatımızın istehsalını və istehlakını təmin edən mühüm sistem olan iqtisadiyyat dayanmadan inkişaf edir və artır. Bu zaman təbii resurslar, insan resursları və torpaq kimi əsas amillər iqtisadiyyatın inkişafında öz yerini alır. Əhalinin artımı iqtisadi artımın təkanverici amillərindən biridir, çünki daha çox insanın daha çox mallara və xidmətlərə ehtiyacı tələbin artmasına səbəb olur. Daha çox tələb daha çox resursların sərfiyyatının artmasına səbəb olur. Və bu dairəvi zəncir qarşılıqlı artımı sürətləndirir.

1540-cı ildə əhalinin sayı 300 milyon idi. Müasir əhali artımı 1750-ci ildə (əhalinin sayı 791 milyon nəfər idi), artan qida istehsalı və bölgüsünün müəyyən edilməsi ilə qeydə alınmışdı. İkinci belə hal 1960-cı ildə müharibədən sonrakı iqtisadi artımla “Baby boom years” adı verilmiş – doğum nisbətinin kəskin böyüməsi ilə qeydə alınmışdır. Bu qida istehsalı və istehlakının artımına gətirib çıxarmış və XVIII əsrdə isə ölüm nisbətinin azaldılması müəyyənləşdirilmişdi. Birləşmiş Millətlər Təşkilatının Əhali Bölməsi və Əhali İstinad Bürosunun 1993-cü ildə apardığı hesablamalara əsasən əhali sayının 2021-ci ildə 12,5 milyarda çatacağı proqnozlaşdırılırdı. Bu, son 50 ildə 50% dən çox artım ehtimalı idi.
Thouhgt.Coç Matt Rosenberg-in 2020-ci ildə apardığı hesablamalara əsasən, dünyada (ümumi, eləcə də təbii) artım tempi həmin ildə təxminən 1,14% təşkil etmişdi və bu, 61 il ərzində ikiqat artım hesab edilirdi. (2067-ci ilə qədər təxmini əhali artımı 13 milyard). Fərgli illərdə aparılan hesablama və ehtimalların arasında müqayisə aparsaq artım tempinin ehtimal etdiyimizdən də sürətli baş verdiyini müşahidə edə bilərik. Hal-hazırda (2024) dünya əhalisinin ümumi sayı 8 milyardı keçmişdir. (Mənbə: https://www.worldometers.info)
1960-cı ildən bəri 64 ildə iqtisadiyyatda adambaşına düşən ÜDM-nin miqdarı 4 dəfədən çox artmışdır.
• 1952-ci ildə ilk sərnişin reaktiv uçuş aparatının təsis edilməsi
• 1962-ci ildə Wal-Mart-ın (dünyada ən miqyaslı şirkətlərdən biri) təsis edilməsi • 1971-ci ildə ilk elektron məktubun göndərilməsi
• 1970-80-ci illərdə kimyəvi və elektron sistemlərdə inkişaf
• 1990-ci il İnternetin sürətlə mənimsənilməsi - ünsiyyətdə inqilab
Planetimizin 70%-i su ilə örtülüdür. Və bunun yalnız 3%-i azalmaqda olan şirin sudur. Texniki sudan istifadə konsepsiyasının tətbiqinə böyük ehtiyac var. 1900-2024 -ci illər kənd təsərrüfatında daha çox şirin suyun işlədilməsi müəyyən edilmişdir. Təbii resurslardan istifadə global iqtisadiyyatın əsas komponentidir. İnkişaf etmiş ölkələrdə təbii resurslardan istifadə daha yüksəkdir çünki istehlak yüksəkdir.
Zibil tullantılarının artması - hər saniyə atılan plastik şüşələrin sayı 1500-dir (2023-cü ilin statistik göstəricisinə əsasən). Bir plastik şüşənin tamamilə parçalanması üçün orta müddət təxminən 450 ildir. Bəzi plastik şüşələrin parçalanması digərlərindən daha uzun çəkir – bəziləri üçün bioloji parçalanma 1000 ilə qədər çəkə bilər. Bütün plastik şüşələrin 90%-i hətta təkrar emal olunmur!
1900-cu ildə aparılan hesablamalara əsasən bərk tullantıların miqdarı 0.5 milion ton idi. 2016 cı ildə aparılan hesablamalara əsasən 2100-cü ildə bu rəqəm 12 milyon tona ehtimal edilsə də, 2023-cü ildə bərk tullantıların miqdarı artıq 2 milyard tona çatmış və ehtimal edilir ki, 2050-ci ildə bu rəqəm 3 milyard tonu keçəcək.

Bu hadisələrin fonunda YAŞIL iqtisadiyyat əsas və çox vacib mövzudur.
Yaşıl iqtisadiyyat
Yaşıl iqtisadiyyat ekoloji riskləri və ekoloji təhlükəni azaltmağı hədəfləyən və ətraf mühiti zədələmədən dayanıqlı inkişafı hədəfləyən iqtisadiyyatdır.
Bu konsepsiya bərpa olunan enerji mənbələrindən istifadənin, çirklənmənin qarşısının alınması və istixana qazı emissiyalarının azaldılmasının, təbii resurslardan səmərəli və davamlı istifadənin təşviqinin vacibliyini vurğulayır.
Yaşıl iqtisadiyyatın qruplaşdırılmış həllər üzrə təklifləri:
• sənaye və biznesin inkişafında bərpa olunan enerji mənbələrinə sərmayə qoymaq
• ekoloji cəhətdən təmiz istehsal proseslərini həyata keçirmək
• tullantıları idarə edilmək və ətraf mühitə təsirini minimuma endirmək, yenidən istifadəni tətbiq etmək
Yaşıl iqtisadiyyatda yaşıl texnologiyalar və təcrübələr ekoloji problemləri həll edərkən eyni zamanda iqtisadi artıma təkan verir. Ətraf mühiti qorumaq, ətraf mühitə dəyən ziyanı minimuma endirmək, aradan qaldırmaq və yerin təbii ehtiyatlarını qorumaq üçün yaşıl texnologiya daha az təhlükəli texnologiyaların və alternativ enerjilərin inkişafı və tətbiqini nəzərdə tutur. Yaşıl texnologiya bütün dünyada iqlim dəyişikliyi və təbii ehtiyatların tükənməsi ilə bağlı artan narahatlığa əsaslanan son illərdə əhəmiyyətli maraq və investisiyalar cəlb edən böyüyən sənayedir. Hal-hazırda investorların marağı və diggəti yaşıl texnologiyalara əsaslanan fəaliyyət və biznes istiqamətləridir. Norveç - İsveç və Danimarka kimi Nordic həmkarları ilə birlikdə - qabaqcıl yaşıl texnologiya, bərpa olunan enerji və davamlı resursların idarə edilməsi ilə qlobal səviyyədə tanınır.
Dövlət, biznes iştirakçıları və vətəndaş cəmiyyəti yaşıl iqtisadiyyata keçiddə mühüm rol oynayır. Siyasətlər, qaydalar, təşviq tədbirləri və ictimai məlumatlandırma kampaniyaları dayanıqlı inkişafı təşviq etmək və daha yaşıl və daha davamlı iqtisadiyyata keçidi dəstəkləyən vacib vasitələrdir.

Yaşıl iqtisadiyyatın əsas komponentlərinə aşağıdakılar daxildir:
• Bərpa olunan enerji: Günəş, külək, hidro və geotermal enerji kimi bərpa olunan enerji mənbələrindən istifadənin artırılması, qalıq yanacaqlardan asılılığı azaltmaq və karbon emissiyalarını azaltmaq.
• Dayanıqlı Kənd Təsərrüfatı: Sintetik pestisidlərin və gübrələrin istifadəsini minimuma endirməklə yanaşı, torpağın sağlamlığını, biomüxtəlifliyin qorunmasını və suyun səmərəliliyini prioritetləşdirən əkinçilik təcrübələrinin təşviqi.
• Resurs Effektivliyi: Təbii resursların tükənməsini və ətraf mühitin deqradasiyasını minimuma endirmək üçün təbii resurslardan səmərəli istifadənin, tullantıların azaldılmasının, təkrar emalın və dairəvi iqtisadiyyat prinsiplərinin təşviq edilməsi.
• Yaşıl Nəqliyyat: Nəqliyyat sektorundan emissiyaları azaltmaq üçün ictimai nəqliyyata, elektrik nəqliyyat vasitələrinə, velosiped infrastrukturuna və alternativ yanacağa sərmayə qoymaq.
• Yaşıl Binalar: Davamlı materiallardan, səmərəli isitmə və soyutma sistemlərindən və bərpa olunan enerji texnologiyalarından istifadə edən enerjiyə qənaətli və ekoloji cəhətdən təmiz binaların tikintisi.
• Biomüxtəlifliyin Mühafizəsi: Təbii yaşayış yerlərinin qorunması, biomüxtəlifliyin qorunması və davamlı torpaq və dəniz ehtiyatlarının idarə edilməsi təcrübələrinin təşviqi.
Yaşıl iqtisadiyyat ESG-nin ekoloji aspekti ilə güclü şəkildə əlaqəlidir:
• ətraf mühitə təsirləri azaltmaq
• təbii resursları qorumaq
• iqlim dəyişikliyini azaltmaq
ESG-də Sosial (S): Yaşıl iqtisadiyyat ilk növbədə ekoloji davamlılığı vurğulasa da, o, həmçinin ESG-nin sosial aspekti ilə kəsişir. Yaşıl iqtisadiyyat daxilindəki təşəbbüslər çox vaxt yaşıl iş yerlərinin yaradılması, cəmiyyətin sağlamlığının və rifahının yaxşılaşdırılması kimi sosial faydalara malikdir. Sosial məsuliyyət daşıyan investisiyalar yaşıl iqtisadiyyatın sosial ölçülərinə uyğun olan əmək təcrübələri, işçilərin rifahı, müxtəliflik və inklüzivlik və icmanın cəlb edilməsi kimi amilləri nəzərə alır.
ESG-də İdarəetmə (G): Şəffaf hesabatlılıq və etik liderlik kimi güclü idarəetmə praktikaları və uzunmüddətli dəyər yaradılması üçün çox vacibdir.
Xülasə, Yaşıl iqtisadiyyat və ESG konseptinin əlaqəli olduğu məqamlar olsa da - Yaşıl iqtisadiyyat və ESG dayanqlılıq və məsuliyyətli biznes təcrübələri ilə bağlı ümumi məqsədləri paylaşsa da, onlar əhatə dairəsi, diqqəti, tətbiqi, ölçülməsi və məqsədi ilə fərqlənirlər. Yaşıl iqtisadiyyat sistemli dəyişiklikləri makroiqtisadi səviyyədə həll edir, ESG isə investisiya kontekstləri daxilində ayrı-ayrı şirkətlərin davamlılıq fəaliyyətini qiymətləndirir.
Yaşıl iqtisadiyyat və ESG-nin əlaqəsi və ortaq nöqtələri olsa da fərqləri və kəsişməyən lakin ayrılıq təşkil edən aspektləri də mövcuddur:
Əhatə dairəsi və fokus
Yaşıl iqtisadiyyat daha çox ətraf mühit və resurslara fokus olub – müxtəlif sektor və sanəye sahələrini əhatə edir.
ESG xüsusilə, şirkətlərin ekoloji, sosial və idarəetmə fəaliyyətinin və investisiya imkanlarının qiymətləndirilməsinə diqqət yetirir. O, şirkətlərin ekoloji riskləri necə idarə etdiyini, maraqlı tərəflərlə əlaqə saxladığını və effektiv idarəetmə strukturlarını necə qoruduğunu ehtiva edir.
Tətbiqi sahəsi
Yaşıl iqtisadiyyat makroiqtisadi səviyyədə tətbiq edilir və iqtisadi strukturlara, siyasətlərə və təcrübələrə sistemli dəyişiklikləri ehtiva edir. Bu, sektorlar və sənayelər arasında aşağı karbonlu, resurslardan səmərəli istifadə edən və sosial cəhətdən inklüziv iqtisadi fəaliyyətlərə keçidi əhatə edir.
ESG mikroiqtisadi səviyyədə tətbiq edilir və ayrı-ayrı şirkətlərin davamlılıq fəaliyyətinin qiymətləndirilməsinə diqqət yetirir. O, investorlar və maraqlı tərəflər tərəfindən investisiyalarla bağlı riskləri, imkanları və təsirləri qiymətləndirmək və davamlı və məsuliyyətli investisiya təcrübələrini təşviq etmək üçün istifadə olunur.
Ölçmə və Qiymətləndirmə:
Yaşıl iqtisadiyyat iqtisadi sistemlərin, siyasətlərin və təcrübələrin ümumi davamlılığını və ekoloji fəaliyyətini qiymətləndirir.
ESG: şirkətlər daxilində ESG amillərini qiymətləndirir.
Məqsəd:
Yaşıl iqtisadiyyat uzunmüddətli rifahı, ətraf mühitin mühafizəsini və sosial rifahı təşviq etmək üçün ekoloji, sosial və iqtisadi mülahizələri birləşdirərək davamlı inkişafı dəstəkləməyi hədəfləyir.
ESG riskləri azaltmaq, investisiya imkanlarını müəyyən etmək və məsuliyyətli biznes təcrübələrini təşviq etmək üçün investisiya qərarlarının qəbulu proseslərinə davamlılıq mülahizələrini daxil etməyi hədəfləyir.
Müəllif: Ilaha Əmirbəyova
“GALANTE PARTNERS CONSULTING” MMC-nin təsisçisi, ESG ekspert
Email: ilaha.amirbayova@gp-c.com